Mağara

Mağara

Müqəddəs Kitab, Birinci Şamuel, 24-cü fəsil

Bax öz gözlərinlə gördün ki, bu gün Rəbb mağarada səni mənə necə təslim etdi... mən sənə qıymadım. Dedim ki, ağama qarşı əl qaldırmaram, çünki o, Rəbbin məsh olunmuş padşahıdır.

Davud daim təhlükəsiz yer tapmalı idi. Hara getsə dərhal tanınırdı, onunla bağlı xəbər çox uzaqlara qədər yayılmışdı. Çox keçmədi ki, daha çox əsgər Davudun ətrafına toplandı.

Bir gecə dağda nəhəng bir mağaranın qarşısında oturmuşdular. Həmin mağara onların gizləndiyi yer idi. Böyük bir ordunun onlara yaxınlaşdığını gördülər.

Davud dedi: “Bu Şaul, məni öldürmək üçün axtarır. Gizlənin!”.

Əsgərlər gizlənmək üçün dərhal mağaranın içinə gizlincə girdilər. Bir gözətçi girişdə qaldı, sonra o da digərlərinin arxasınca içəri girdi.

Mühafizəçi həyəcanla dedi: “Padşah özü bura gəlir. Davud, bu sənin fürsətdir! Onu öldürə bilərsən! İndi təkdir, o sənə müqavimət göstərə bilməz. Üç min əsgər sənə baş əyəcək”.

“Sus,” deyərək Davud onun sözünü kəsdi.

Hamı susdu. Onlar qaranlıqda mağaranın qapısına diqqətlə baxırdılar. Şaul padşah paltarında göründü.

Davud yavaşca dedi: “Burada qalın!” və ehtiyatla irəli getdi.

Şaul bir qayanın kənarından gözdən itdi. Davud ora doğru sakitcə irəliləyərkən, Şaulun cübhəsinin ətəyini gördü. Qılıncını çıxartdı, ətəkdən bir parça kəsdi və görünmədən geri döndü.

Əsgərlər pıçıldayaraq: “Nə üçün Şaulu öldürmədin?” deyə soruşdular.

Davud belə cavab verdi: “Rəbbin seçib, məsh etdiyi adamı öldürə bilmərəm”.

Əsgərlər də, “Amma Allah onu uzun müddət əvvəl rədd edib səni seçdi” dedilər.

Davud belə dedi: “Bu düzdür. Rəbb Özü təyin etdiyi vaxtda məni hökmranlığa keçirdəcək. buna görə də dərhal hakim olmaq istəmədim”.

Hamı girişə baxırdı. Padşah mağaradan çıxdı.

Davud əsgərlərinə, “Burada qalın!” deyə əmr etdi və Şaulun ardınca getdi.

Qaranlıq mağaradan çıxanda, əsgərləri ilə birlikdə Şaulu gördü.

“Ağam padşah!” deyə çağırdı. O, Şaulu padşah kimi şərəfləndirmək üçün üzüstə yerədək təzim etdi. “Nə üçün sənə pislik etmək istədiyimi düşündün? İstəsəydim səni öldürə bilərdim”.

Davud padşahın cübhəsindən kəsdiyi parçanı göstərdi. Şaul qorxub üstündəki cübhənin ətəyinə baxdı. Həqiqətən də bir parça qoparılmışdı! O, ağlamağa başladı.

Səsi titrəyərək belə qışqırdı: “Sən məndən daha saleh adamsan! Sənə pislik etsəm də, sən mənə yaxşılıq etdin. İndi başa düşdüm ki, sən həqiqətən padşah olacaqsan. Ailəmi öldürməyəcəyinə and iç!”

“And içirəm!” deyə Davud qışqırdı.

Davudun xeyirxahlığı Şaulu dərindən təsirləndirdi. O, əsgərlərini səslənib Davudu təqib etməyi dayandırmağı əmr etdi. Heyət geri döndü. Davud, uzaqlaşarkən onların arxasınca baxdı.

Müzakirə üçün suallar

3 sual
  1. Davud harada gizləndi?

  2. Davud Şaula necə münasibət göstərdi?

  3. Davud Şaulu niyə öldürmədi?

36. Mağara00:00 / 02:47